"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyində insan kapitalının inkişafı məqsədilə təşkil edilən üçüncü "Uğur yolu" müsabiqəsinin final mərhələsi keçirilib.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında təşkil edilən növbəti "Uğur yolu" müsabiqəsinin final mərhələsi keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının finalçılarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müsabiqənin yüksək intellektual potensiala malik kadrların müəyyənləşdirilməsinə və karyera irəliləyişinə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, indiyədək keçirilmiş iki müsabiqənin bu platforma üzrə qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlu təcrübə olduğunu qeyd edib.

Tədbirdə müsabiqə qaliblərinin fərdi inkişaf proqramları, müxtəlif treninqlər, mentorluq proqramlarına cəlb edildiyi və bütövlükdə layihənin əməkdaşların bilik və bacarıqlarını, peşəkar vərdişlərini artırdığı diqqətə çatdırılıb. “Uğur yolu” iştirakçıları, eləcə də Nazirliyin digər əməkdaşları ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsindən faydalanmağa dəvət ediliblər.

Final mərhələsində iştirakçılar İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsində süni intellektin tətbiqinə, iş prosesinin optimallaşdırılmasına dair layihələrini nümayiş etdirib, müxtəlif tapşırıqları həll edib, daha sonra verilən mövzular üzrə komandalar şəklində təqdimatla çıxış ediblər. Onların strateji düşünmək, liderlik, effektivliyin idarə edilməsi bacarıqları, komandada işləmək, nəticəyönümlü, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi səriştələri ekspertlər tərəfindən qiymətləndirilib.

PDF versiyası: "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib